Orxan Əzim: “Nənəmin rəsmi Luvr muzeyindədir” – MÜSAHİBƏ

Kulis.Az fotoqraf Orxan Əzimlə müsahibəni təqdim edir.

– Orxan, harda təhsil almısan?

– Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil almışam. 2004-2008-ci illərdə… Rejissorluq fakültəsi, ixtisas televiziya rejissorluğu… İxtisasım üzrə 2007-ci ildə Azərbaycan televiziyasına praktikaya getmişəm. 2007-ci ildən düz 2010-cu ilə qədər… 2012-ci ildə fotoqraf kimi mediaya gəlmişəm. Ann.az saytında fəaliyyətə başlamışam. İndiyə kimi də Zahir Əzəmətə minnətdaram. Onun sayəsində peşəkar fotoqrafiya ilə məşğul olmağa başladım.

– Sosial fotolar çəkirsən…

– Hə. Niyə sosial fotolar çəkirəm? Onu da deyim. Bəlkə də bu yaşadığım mühitdən qaynaqlanır. Sən hansı şəraitdə böyümüsənsə, ruhən o şəraitə uyğun olursan. Mən sosial cəhətdən problemli yerdə anadan olduğum üçün özümü bu mövzulara yaxın hiss edirəm. Biz televiziyada işləyəndə rejissor olacağımıza inanırdıq. Çünki universitetdə bizi buna inandırmışdılar ki, siz rejissor olacaqsınız. Televiziyada olanda başa düşdüm ki, bataqlıqdayam və ordan uzaqlaşdım. Anladım ki, televiziya sistemi mənim düşüncəmə yaddır.

– Televiziyada rejissor kimi fəaliyyət göstərirdin?

– Rejissor assistenti, daha sonra rejissor kimi… “Mədəniyyət” kanalında Ədəbiyyat üzrə Nobel mükafatçıları verilişində… Ondan sonra başqa verilişlərdə fəaliyyət göstərdim.

– Orxan, dedin ki, sosial cəhətdən problemli yerdə anadan olmusan…

– Bakıda anadan olmuşam, böyümüşəm. Valideynlərim də eynən mənim kimi. Bizim uşaqlığımız müharibə dövrünə, aclıq dövrünə düşüb. Amma həm də şən illər idi bizim üçün. Hərdən xatırlayanda öz-özümüzə deyirik ki, nə günlər yaşamışıq. Balaca uşaqlar idik, amma uzun çörək növbələrində olurduq.

– Məşhur çörək növbələri…

– Hə… Mənə elə gəlir ki, bu cür şeylər adamın şüuraltında qalır və gələcək həyatına hopur. Növbələr, aclıq, kasıbçılıq… Bunlar insana təsir edir. Mən 5-ci sinifdən işləməyə başlamışam. Dəftər-qələmimi, kitabımı özüm alırdım. İndi o yaşda uşaq işləsə əmək istismarı sayılar, o vaxt buna fikir verən yox idi. Ac qalmamaq üçün, ailəyə kömək üçün işləyirdim.

– Maraqlıdır, nə işləyirdin o yaşda?

– Su satırdım. 5-ci sinifdə. Yay aylarında.

– “Şərikli çörək”dəki Vaqif kimi…

– Hə, eynən onun kimi. 3 ay işlədim, sentyabrda dərslər başlayana qədər. Universitet illərində isə artıq fotodan pul qazanırdım.

Fotoğraf açıklaması yok.

– Bəs fotoya maraq nə vaxt yarandı?

– Yaşadığımız binanın zirzəmisində foto-atelye açmışdılar. İranlı bir mühacir idi atelyenin sahibi. Bizə maraqlı gəlirdi ki, bura necə bir yerdir, adamlar girib-çıxır. Özü də bizə deyirdi, gəlin atelyeyə, ancaq biz futbol oynamağı seçirdik. Mən indiyə qədər də fotonu seçməyimə görə atama minnətdaram. Düşüncə olaraq aramızda fərqlər vardı. Ancaq atam bizi yığıb demişdi ki, hardasa təhsil alacaqsınız, özünüzə sənət seçin. Kim nə istəyir onu seçsin demişdi. Onda mənim marağım yaranmışdı fotoya.

– Getdin foto-atelyeyə?

– Hə, danışdı atam. Atelyeyə gedəndə iranlı məni döydü (gülüşmə). Dedi, mən sənə demişdim axı, gəl. Məni döydü. Neyləyim? Səsimi çıxarmadım.

– Foto-atelyedə öyrənməyə başladın…

– 2001-dən 2006-ya qədər orda fotonu öyrəndim. Sonra niyə öyrənmədim? Adam yoxa çıxdı.

– Necə yəni yoxa çıxdı?

– Atelye bağlandı. Adamın nömrəsinə zəng çatmadı. Evinə getdim, qapını açan olmadı. 2011-ci ildə iranlı mühaciri təzədən gördüm. Yenidən atelyeni açmışdı. Amma sonra təzədən yoxa çıxdı (gülür). Amma nə öyrənmişəmsə, ondan öyrənmişəm. Mənə kitablarını, bir də özünün üç ədəd şəxsi fotoaparatını hədiyyə vermişdi. Fotoaparatlardan biri ona müəllimindən yadigar qalmışdı, 1912-ci ilin fotoaparatı idi, şüşə ilə çəkilirdi. Bizə çox şey öyrətdi. Fotonun bütün janrlarını öyrətmişdi, bircə nud janrından (çılpaq rəsm sənəti – red.) başqa. Həmin dövrlər bu janra o cür yaşayış yerlərində yaxşı baxılmırdı. Həm də, yəqin ki, adamın özü çəkməmişdi deyə, xəbərsiz idi bu janrdan.

– Orxan, Səttar Bəhlulzadə ilə bağlı bir əhvalat eşitmişəm. Sənin nənənin rəsmini çəkib…

– Səttar Bəhlulzadə bizə qohumdur. Nənəm Səttar Bəhlulzadənin qardaşı qızıdır. Onun rəsmini çəkib. Nənəm, qucağında quzu. Uşaq vaxtı olub bu. Yay vaxtı imiş, nənəmə deyib ki, quzunu götür, qucağında saxla. Bir saata yaxın bu rəsmi çəkib, sulu boya ilə. Nənəmin dediyinə görə, həmin rəsm Luvr muzeyindədir. İndinin özündə nənəm zarafatla deyir, onu ordan oğurlayana pul mükafatı verəcəm. Nənəm o rəsmi belə xatırlayır. Mən Google-da rəsmi axtardım, tapa bilmədim. Amma ola bilər, Səttar Bəhlulzadənin ev muzeyində bir nüsxəsi olsun.

– Sən o rəsmi görməmisən?

– Yox, görməmişəm. Nənəm sadəcə xatırlayır ki, belə bir rəsm çəkilib. Sonra yoxa çıxıb o rəsm. Bir dəfə nənəmlə görüşüb bu rəsmin tarixçəsini daha dərindən öyrənəcəm.

– Orxan, televiziyada işlədiyin vaxtlar foto ilə məşğul olurdun?

– Arada-sırada çəkirdim. Sonradan televiziyanın mənə təsirini anlamışdım. Zahir Əzəmət Ann.az-a məni dəvət etmişdi. Birinci həftə parklardan, fontanlardan çəkiliş elədim. Zahir məni yanına çağırdı ki, qardaş, bura AzTV deyil (gülüşmə). Ondan sonra mən özümə gəldim. Zahir məni silkələdi. Yenə deyirəm, ətraf mühit, insanların düşüncələri sənə təsir edir. Həm formalaşmağında, həm də həyata baxışında… İndi daha çox sənət kimi baxıram fotoqrafiyaya.

– Dedin, universitet vaxtı da çəkirdim…

– Hə… Onda həvəskar kimi çəkirdim. Sırf peşəkar kimi 2012-ci ildə başlamışam çəkməyə. Universitet dövründə fotoaparatımız var idi, universitet şəraitində çəkirdik. Tamaşalar, tədbirlər-filan. Formada qalmaq üçün çəkirdik.

– Orxan, sanki fotoqrafiyaya soyuq bir münasibət var. Deyirlər, böyük sənət deyil, hamı bacarar foto çəkməyi. Sən Bakı Slavyan Universitetində fotoqrafiyadan dərs də demisən. Fotoqrafiya necə bir sənətdir?

– Fotoqrafiya o deyil ki, sən bir foto çəkirsən və hər kəs bəyənir. Janr olaraq fotoqrafiya yeddi-səkkiz yerə bölünür. Sənədli, peyzaj, nud, portret, idman və son dövrdə yaranan fashion, vidding və bu kimi janrlar. Gəlir gətirən yəni. Bu janrlar XX əsrin sonlarında yaranıb. Kapitalizmin gətirdiyi janrlardır. Fotoqraflar ac qalmasın deyə. Bu kimi şeylərə tələbat olduğu üçün bu cür janrlar var. Və bu janrda çəkən peşəkarlar da. Bizim dünyadan geri qalmağımızın səbəbinə gələk. Dünyada fotoqraf bir janrda çəkir, başqa janrlara baş qoşmur. Bizdə isə əksinə. Toy fotoqrafı ancaq toy fotoları çəkir. O gəlib nud çəkə bilməz. Hər janrın öz fotoqrafı olmalıdır. Peşəkar fotoqraf bir janrda çəkir və o xətdə də inkişaf edir. Sən həm toy şəkli çəkib, həm də müharibə fotoqrafiyası ilə məşğul olmaq istəsən, alınmayacaq. Bu, qeyri-mümkündür. Bu gücü iki yerə bölməkdir. Bizim səhvimiz ondadır ki, bir janr üzərində işləmirik. Tələbatımızı ödəmək üçün kənar işlər götürürük. Ad günü, şənlik, toy… Mən toy çəkmirəm amma. Fikirləşirsən ki, əlavə işdir, bir-iki saat çəkəcəksən, nəsə qazanacaqsan. Ona görə də biz tam inkişaf edə bilmirik. Çünki janrlar üzrə bölünürük. Bizdə bir-iki elə fotoqraf var ki, bir janr üzərində işləyir. Adamdır, peyzaj çəkir ancaq. Onun yanında yanğın olsun, çəkməyəcək. Bu ona maraqlı deyil. Bizdə fotoqrafiya haqqında bilgisizlik var. Rəngin insanı aldatmağı var. Beyinə siqnal gedir və o foto sənə gözəl görünür. Foto anlayışı olmayan adama o foto xoş gəlir. Amma peşəkarlar baxır ki, kompozisiya səhvdir, simmetriya qorunmayıb, qızıl nöqtə yerində deyil.

– Foto müsabiqələrə münasibətin necədir?

– Şəffaf deyil müsabiqələr. Bizdə keçirilən bir müsabiqəyə foto göndərmişdim. Məni seçməyiblər. Qaliblər isə öz adamları olub. Görürsən ki, foto heç mövzuya da aid deyil. Başa düşdüm ki, bunlar öz adamlarıdır və onların aralarında birlik var. Ona görə də mən Azərbaycanda keçirilən foto müsabiqələrinin heç birinin şəffaflığına inanmıram.

– Xaricdə necədir müsabiqələr? Ən tanınmış müsabiqə…

– Ədəbiyyatda Nobeldirsə, kinoda Kann, Oskardırsa, fotoqrafiyada Pulitser mükafatıdır. Hər nominasiya üzrə ilin ən yaxşı fotoları mükafatlandırılır. İldə bir dəfə keçirilir. Hər dəfə ordakı fotolara baxanda görürsən ki, sən hələ üzərində çox işləməlisən. Adamların imkanları bizdən qat-qat genişdir. Bir məsələni də deyim. Pulitser mükafatı müharibədən çəkilən fotolara yer verir. Müharibə şəraitində çəkilən fotolar. Sən əgər qaynar nöqtələrə girib foto çəkmisənsə, deməli ölümünə imza atmısan. Ordan elə fotolar çəkilib ki, ona heç bir izah lazım deyil. Fotonun özü danışır. Ancaq o fotolar müharibəni dayandırmayacaq.

– Ağır, müharibə şəraitində çəkilən fotolar dedin. Sən də Çernobıl dan fotolar çəkib sərgi keçirmişdin…

– Ətrafımda Çernobıl əlillərindən bir-iki nəfər tanıyırdım. Çoxdandır məni bu mövzu çəkirdi.

– 3 günə 6 min foto çəkmisən.

– Hə, elədir. İki ildir getmək istəyirdim Çernobıla. Həm də mən doğulduğum il bu faciə baş vermişdi deyə diqqətimi çəkirdi. Ona görə də düşündüm ki, təhlükəli və riskli olsa da, getməyə dəyər. Bir az maliyyə problemlərim oldu, amma onu da həll elədim, hazırlaşdım və getdim. Ora gedəndə hələ də inana bilmirdim ki, mən Çernobıldayam. Çox vahiməli gəldi mənə. Etiraf edirəm ki, qorxdum. Dağılmış bir məktəb vardı orda. Bələdçi içəri girməyə ürək eləmədi. Tarkovskinin filmlərindəki kimi idi. Yuxarıda sallanan lampa, əsən külək-filan, yağış damcıları. Radiasiya çox idi. Mən bir az orda durdum, psixologiyam pozuldu. Gəldim bələdçinin yanına, soruşdu ki, nəsə çəkdin, dedim, yox. Güldü mənə. Hə, sərgi elədik. 55 foto nümayiş elədim, qalanını saxladım arxivdə. Düşünürəm ki, bir dəfə də getməliyəm ora. Çünki orda yaşayanların xatirələrini öyrənmək istəyim var. İnternetdə baxmışdım ki, insanlar orda əkib becərdiklərini yeyirlər, amma əslində olmaz. Ordan insanları köçürəndə yaşlılar şəhər şəraitinə öyrəşə bilmədiklərindən deyiblər ki, bizi geri qaytarın, onsuz da biz yaşadığımızı yaşamışıq, bir-iki ilə ölüb gedəcəyik, heç olmasa öz doğma yerimizdə ölək.

– Bir videoya baxmışdım. Müharibə vaxtı bir uşağı öldürürlər və fotoqraf da bunları görüntüyə alır. Sonradan həmin fotoqraf sərgidə öz fotolarına baxa bilmir. Səndə də bu hiss olub?

– 1 il olar Çernobıldan qayıtdığım. İndi olsa bəlkə də getməzdim. Bəlkə ora gedib gəlmişəm deyə belə düşünürəm. Hər halda sağlamlığıma görə getməzdim. Bir müddət əvvəl baxdım fotolara, kədərləndim bir az. İndi maliyyə olsa və desələr ora get, mən həmin maliyyəni başqa səfərə istiqamətləndirərdim. Amma bir neçə dəfə gedib çəkmək fikrim vardı, silsilə kimi. Bizim bir təlimçimiz vardı, Ukrayna fotoqrafı, o, 7 il ərzində Çernobıldan silsilə fotolar çəkmişdi. O adamın beynəlxalq əlaqələri bizə baxanda daha yaxşıdır. Və 7 il ərzində sağlamlığında heç bir problem olmayıb.

– Ağır işdir…

– Hə, çətinliyi çoxdur. Ora gedib qayıdandan sonra bədənindəki radiasiya yoxlanılır. Səninlə bir yerdə olan bələdçi də yoxlanışdan keçir. Gəldiyin maşının təkərləri və yan hissəsi dezinfeksiya olunur. Mən geyimlərimin hamısını çıxarıb atmışdım orda, özümlə paltar götürmüşdüm. Fövqəladə Hallar Nazirliyinin şüalanma idarəsi mənə yoxlanışdan keçməyimi məsləhət görmüşdü. Mən də fikirləşdim ki, ehtiyac yoxdur. Əgər nəsə olsa bədənimdə daha da narahat olaram. Bilməsəm daha yaxşıdır.

– Çernobıldan çəkdiyin fotolardan kitab da çıxmalıydı. Nə oldu o işin axırı?

– Hə, hər şey hazır idi. Dostumuz Qismət Rüstəmov fotolar haqqında yazmışdı, Səlim Babullaoğlu çap edəcəkdi. Sponsor araya girdi, dedi, hamısını biz edəcəyik. Mən də utana-utana Səlim müəllimə dedim ki, sponsor çap edəcək.

– Bəs niyə çap olunmadı?

– Sonra sponsor da atdı mənə, pulu vermədi. Fotoların da, sərginin də pulunu vermədi. Amma Qismətin fotolar haqqında yazdıqları məndə durur. İmkan olsa, çap edəcəyik.

– Yeni planların nədir?

– Yeni plan var. Qismət olsa, yanvarda İraqa, Kərkükə gedəcəm. Hər şey danışılıb, bircə günü təyin etmək qalıb. Özüm yanvara salmışam işi. Çünki o cür yerlərdə qış aylarında fotolar çəkmək daha uğurlu alınır. Papağa, şərfə bürünmüş adamın portretini yayda tapa bilməyəcəksən. Sosial mövzularda bu cür şeylər fotoya estetika qatır.