Son illər Azərbaycanda foto sənəti inkişaf edir. Gənclərin bu işə maraq salmasının müxtəlif məqsədləri var. Kimi toy biznesinə qoşulmaq, kimi də müasir görünüşünü tamamlamaq üçün bu işlə məşğul olur.
Fotoqraflar.com “Report”un foto-müxbiri Elşən Baba ilə bu mövzuda maraqlı söhbəti təqdim edir:
– Peşəkar olaraq neçə ildir fotoqrafiya ilə məşğulsan?
– 2013-cü ilin sonlarından başlamışam. Mən özümü peşəkar saymıram. Həvəsli olmaq, həvəskar olmaq hər zaman yaxşıdır. Media sahəsinə fotoqraf kimi 2014-cü ilin oktyabr ayından gəlmişəm. İlk iş yerim də “Report”dur. Bir il əsgərlikdə oldum. Sonra – 2016-cı ildə yenidən dəvət aldım və eyni yerdə işləməyə başladım.
– Foto ilə bağlı hər hansısa təlim keçmisən, yoxsa fərdi şəkildə öyrənirsən?
– Xeyr, ciddi bir təhsilim yoxdur. Master-klass keçmişəm. Öz üzərimdə çalışmaqla öyrənirəm.
– Çəkdiyin fotolar sosial şəbəkələrdə marağa səbəb olur. Özünü sona kimi bu işdə görürsən?
– Təbii ki, mən bu işi çox sevirəm. Gələcək üçün də işləmək istədiyim bir çox mövzu var.
– Fotonun müxtəlif sahələri var: Peyzaj, portret, sənədli, “street art” və s. Bunlardan hansı sənin ruhuna daha yaxındır?
– Hazırda sənədli fotoqrafiya ilə məşğul oluram. Bunu davam etdirməyi də düşünürəm. Bir də fotonun “art” tərəfi var. “Street foto” da mənə çox yaxındı. Bu sahədə maraqlı ideyalarım da var. İndi onların üzərində çalışıram.
– Sərgi keçirmək planın varmı?
– İstədiyim fotoları çəksəm, keçirəcəm. Əvvəllər sərgi keçirən dostlarım var, hansı ki, onların sənətinin qarşısında baş əyirəm. Fotoları onlara göstərəcəm, sərgiyə uyğun olsa, edəcəm.
– Fotoqrafların bəziləri fotoşop proqramından çox istifadə etsə də, bəziləri buna qarşıdı. Sən necə, istifadə edirsənmi?
– İstənilən foto “edit” olunmalıdır. Məncə, çox fotoqraf istifadə edir.
– Azərbaycanda fotoqrafiya sənət kimi deyil, toy, “love story”, partilər və s. kimi yerlərdə çəkliş edib pul qazanmaq kimi başa düşülür. Bəs sən bu cür çəklişlərə gedirsən?
– Mənə buna görə yaxşı pul təklif etsələr, gedərəm? Yox, getmərəm. Çünki bacarmıram. Məsələ, bu qədər sadədir. Mən deyə bilmirəm ki, “onun əlindən belə tut. Onu qucaqla, öp”. Toy çəkməli olsam, yəqin ki, toyu olan adam şəkilləri başıma vurar. Mən fotoları öz istədiyim kimi çəkəcəm, tələb olunduğu kimi yox. Yaxın dostlarımdan bir xanım mənə belə bir təklif edib. Toyunda iki fotoqraf olacaq. Biri standart toy fotoları necə çəkilirsə, o cür çəkəcək. Biri də ki, mən öz istədiyim kimi çəkəcəm. Bu cür olsa, təbii ki, razı olaram. Mən o fotolara “2-ci toy fotosu” kimi yanaşmayacam. Sənət kimi yanaşacam.
– Azərbaycanda bu sənətə müəyyən məqsədlərlə gələn var. Bəziləri qızlarla rahat tanış olmaq üçün gəlirsə, bəziləri də toylarda çəkliş edib pul qazanmaq istəyir. Fotoqrafiyaya sənətdən çox biznes kimi yanaşırlar. Əvvələr karikatura çəkmisən. Sonra birdən niyə bu işi görməyə başladın?
– Düzdü, bir müddət karikatura çəkmişəm. Elə fotoqraflar var ki, uşaqlıqdan fotoaparatları olub və onlarda bu işə maraq yaranıb. Mənim nə fotoaparatım olub, nə də bir gün bu işə marağım yaranacağı barədə düşüncəm. Xatırlayıram ki, atamın makinası olub. Mən o zaman uşaq idim. Özü yuyurdu, çap edirdi. Lenti yumaq üçün xüsusi aparat olurdu. Atam onlarla işləməyi bacarırdı. Çəkdiyi fotoları özü yuyurdu. Atamın çəkdiklərindən cəmi 10 şəkil qalıb. O da ailəmizin şəkilləridir. Atamın fotoaparatı ilə bağlı mənim çox pis xatirəm var. Çünki o aparatı mən sındırmışam. Həmin vaxt 5, ya 6 yaşım olub. Məni yönləndirən olmayıb. Bu işə marağım da 2013-cü ildə yaranıb. Həmin vaxt ikinci əl “Canon EOS 6ooD” aldım. Bundan sonra 1 ilə yaxın başladım foto çəkməyə. Hamı kimi əvvəllər çiçək, böcək, flarmoniya bağındakı fontanı çəkirdim. Sonra araşdırmağa başladım, fotoqraflarla tanış oldum. Anladım ki, fotoyla məşğul olmuram. Fotoqrafiya tamamilə başqa bir şeydir. Mən də başladım öz üzərimdə işləməyə. Oxuyurdum, araşdırırdım, film izləyirdim. Amma bir dönəm gəldi ki, karikaturaya marağım artdı. Fotoaparatımı satdım və planşet aldım. Nə istədiyini dəqiqləşdirmək üçün insanın həyatında bir boşluq olur. Həmin dönəm düzgün qərar qəbul etməyimə təsir etdi. Bu bir il çəkdi. Həmin zaman ərzində karikatura çəkirdim. Amma fotodan da uzaqlaşmamışdım. Əmimoğlu mənə bir makina hədiyyə etmişdi. Onu “oyuncaq fotoaparat” adlandırıram. İndi də o məndədi. Sosial şəbəkələrdə foto paylaşmağa başladım və onların sayəsində Orxan Əzimlə tanış oldum. Mediaya da Orxanın vasitəsilə gəlmişəm. Karikaturadan yavaş-yavaş imtina etdim və keçdim bu sahəyə.
– Sevdiyin fotoqraf kimdi?
– Ən çox sevdiyim fotoqraf Henri Cartier-Bressondur.
– Yaxın günlərdə “Qədir gecəsi” mövzusunda maraqlı fotolar paylaşmısan. Bu fotolarla ötürmək istədiyin mesajmı var?
– Mən ilk dəfədir ki, dini mövzuda foto çəkmişəm. Çox adam dedi ki, fotolarda aqressiya hiss olunur. Amma mən “Kubinka” ilə bağlı çəkdiyim fotoları da, bu mövzuda olan fotoları da mahnının təsiri altında işləmişəm. Fotoları edit edərkən, yəni, edit etmək ağ-qaraya salmaq, işığı ilə oynamaqdır. İlk dəfə idi ki, o auraya düşmüdüm. Çox təsirləndim də deyə bilmərəm. Amma sadə də gəlmədi. İstədiyimi aldım həmin çəkilişdən.
– Məşhur rejissorlar var hansı ki, əvvəl fotoqraf kimi başlasalar da, sonradan film çəkməyə başlayıblar. Məsələn, türk rejissoru Nuri Bilgə Ceylan həmin rejissorlardandır. Sən necə, film çəkmək barəsində düşünmüsənmi?
– Həmişə istəmişəm. Film mənə görə çox çətindir və əmək istəyir. Təhsil almadan film çəkməyə başlamaq istəmərəm. Bir neçə multimedia işim olub. Bu yaxınlarda sənədli film çəkməyə başladım. Rəssam Ramal Kazımovla bağlı idi. Çəkdim çəkməyinə, amma gördüm ki, bu film deyil. Həmin ərəfədə çoxlu sənədli film izlədim. Başa düşüdüm ki, bu iş alınmayacaq. O filimə görə 3 gün əziyyət çəkdim. Buna baxmayaraq, imtina etdim. Ramal hələ də məndən film gözləyir. Amma gələcəkdə film çəkməli olsam, bu filim də onun bir parçası olacaq. Hardan-hara gəldiyimi göstərmək üçün.
– Çox sevdiyin foto hansıdır?
– Mən bu mövzuda seçim etmirəm. İstər yemək olsun, istər rəng, musiqi, film olsun, seçim etmirəm. Sevdiklərim olur. Ən sevdiyim olmur. Bir söz var ki, “o fotonu hələ çəkməmişəm”. Amma mən bilirəm ki, çəksəm belə, o bir dənə olmayacaq.
– İndiyə kimi çəkmədiyin, amma çəkmək istədiyin mövzu varmı?
– Özümü sənədli fotoqrafiyada tapandan sonra, hər zaman müharibə fotoqrafı olmaq istəmişəm. Təbiət çəkənlər var ki, onlar ondan zövq alır. Mən təbiəti çəkəndə yox, onun qoynunda çay içəndə zövq ala bilərəm.
– Müharibədən zövq alacaqsan?
– Çox maraqlı sualdır. Müharibənin baş verməsinin səbəbkarı mən deyiləm. Amma müharibədə baş verənləri çəkməklə, onu gələcəyə ötürə bilərəm. Foto müxbirliyin təməlində bu durur. İctimailəşdirmək, görsənməyən tərəflərini göstərmək. İçimdə təzaddan zövq almaq var. Suriyaya, Əfqanıstana getmək istəyərəm. Özümü buna hazır hiss edirəm. Çünki mən ölü insan fotoları çəkmişəm. Ölü uşaq fotosu da çəkmişəm. Həmin an işə çox qapılırsan və heç nə düşünə bilmirsən. Yanğın zamanı uşaq fotosu çəkmişdim. Uşağı təcili yardım maşınına qoydular. Halsız idi və tez bağladılar qapını. Həmin an özümdən asılı olmadan o uşağın fotosunu çəkmək istədim. Və təcili yardım maşının qapısını özümdən ixtiyarsız açdım, uşağın bir neçə şəklini çəkdim. Polislər məni kənara atdılar. Ondan sonra ayıldım ki, mən onlara mane olurdum. Sual verirlər bəzən “Müharibədə ölən uşaq görsən, ona kömək edərsən?”. Həmin an heç nə düşünə bilmirsən. Amma bu hadisə mənə pis təsir etmişdi.
Qaynarinfo.az
Müsahibə saytımızın ilk versiyası zamanı dərc edilib