Küçə fotoqrafiyası

Fotoqrafiyadakı bir çox janrları ən azı çəkiliş obyektinə görə asanlıqla təyin və təsvir etmək olar. Əgər fotoqraf təbiətin gözəlliklərini və landşaftı çəkirsə, deməli peyzaj çəkilişləri ilə məşğul olur. Əgər o, insanları, onların sima və emosiyalarını çəkirsə, deməli söhbət portret çəkilişindən gedir. Küçə fotoqrafiyasının janrını təyin etmək isə daha çətindir.

İlk nəzərdə elə görünür ki, küçə fotoqrafiyası – insanların, əşyaların, şəhərin küçə, park və digər ictimai yerlərində baş verən maraqlı hadisələrin çəkilişidir. Lakin küçə fotoqrafiyası heç də mütləq olaraq küçədə olan çəkilişi özündə əks etdirməyə bilər. Küçə fotoqrafayisanı digər janrlardan fərqləndirən əsas cəhət – fotoqrafın gündəlik  hadisələrdə və insanların adi həyatında hər hansı qeyri-adi xüsusiyyəti tapması, fotolarda ətraf aləmin həqiqi müxtəlifliyini həkk etdirməsidir.

Ona görə də, əsl küçə fotoqrafı küçə fotoçəkilişinin hər hansı ciddi təyin olunmuş janrı ilə məhdudlaşmır – o, insanın öz həyatında daimi olaraq rastlaşdığı komik situasiyaları və ya sosial problemləri ön plana çəkə bilər, ya da ki çəkiliş üçün özünə maraqlı gələn müəyyən hadisəni seçə bilər. Beləliklə, küçə fotoqrafı maraqlı süjetlər axtarışında həmişə ətrafı nəzərdən keçirir və öz kamerasının diqqətini, ilk öncə, insanlar və onların fəaliyyətinə yönəldir.

Küçə fotoqrafı olmaq çox asandır – sadəcə hara getsəniz kameranızı həmişə özünüzlə götürməyiniz lazımdır. Küçə fotoqrafiyası janrının hesabına məşhurlaşan bir çox professioanal fotoqraflar məhz belə başlamışlar. Heç yerə yola düşmək lazım deyil, öz şəhərində gəzmək və maraqlı kardlar etməyə can atmaq kifayətdir. Küçə fotoqrafiyasının gözəlliyi də elə bundadır. Özünüzlə kameranı götürüb işə, dərsə gedirsiniz və ya sadəcə şəhərə gəzintiyə çıxırsınız, bir neçə maraqlı kadr etmək üçün isə həmişə vaxt tapmaq olar.

Adətən fotoqraflar şəhərin mərkəzinə gedirlər, çünki mərkəzi küçələrdən hər gün külli miqdarda insan gəlib keçir və çoxlu maraqlı hadisələr baş verir, təkcə onlara fikir vermək lazımdır. Burada fotoqrafa gözləmək bacarığı lazımdır. Əvvəlcədən məkanı, işığı, insanların nə etdiklərini mənimsəmək, maraqlı anı gözləmək və bundan sonra bir neçə uğurlu kadr etmək daha yaxşı olur.

Küçə fotoqrafiyasından söhbət gedərkən, fotoqrafın özünü aparması və etikasını da vurğulamaq lazımdır. Fotoqraflar küçə fotoqrafiyası ilə yeni məşğul olmağa başlayanda onları ürəksizlik və cəsarətsizlik hissləri bürüyür. Çoxu fotokamera ilə küçədə dayanıb ona o saat fikir verən insanları çəkərkən özünü narahat hiss edir. Əgər siz həqiqətən küçə fotoqrafı olmaq istəyirsinizsə, cəsarətizliyi və sizin haqqınızda digər adamların nə fikirləşəcəyini unutmalısınız.

Bəzi məşhur fotoqraflar küçədə foto çəkərkən kütlənin arasında itmək üçün müxtəlif üsullar istifadə ediblər. Məsələn, bəziləri kameranın üstünü örtüblər ki, küçədəki insanlar onları çəkdiklərini anlamasınlar. Bəzi fotoqraflar isə öz cəsarəti və aşkarlığı sayəsində uğura nail olurlar. Bir sözlə, burada hərə öz yanaşma üsulunu tapmalıdır.

Belə hesab olunur ki, küçədə insanları icazəsiz çəkmək olmaz. Adamlar başa düşəndə ki fotokameranın obyektivinə düşüblər,  çox vaxt qıcıqlanırlar. Bəziləri hətta öz narazılığını açıqcasına bildirərək konfliktə gedirlər. Belə halda çox vaxt gülümsəmək fotoqrafın köməyinə çatır. Əlbəttə daha yaxşı olar ki, fotoçəkiliş üçün adamdan nəzakətli formada icazə alasınız. Ancaq kimsə onu çəkməyini istəmirsə, hörmət edib ondan əl çəkmək lazımdır.

Demək lazımdır ki, heç də bütün fotoqraflar çəkiliş üçün sadəcə küçədən keçən insanlardan icazə almaq fikrini bölüşmürlər. Bəziləri belə fikirləşir ki, əsl küçə fotoqrafiyası qərəzsiz olmalıdır, yəni fotoqraf ictimai yerdə çəkiliş zamanı kadra düşən adam və ya hadisəyə görə məsuliyyət daşımır. Buna baxmayaraq, əgər siz küçə fotoqrafı olmaq qərarına gəlmisinizsə, tanımadığınız insanlarla ünsiyyət  qaçılmazdır, ona görə də çəkdiyiniz insanla düzgün danışmağı öyrənməlisiniz.

Texnikaya gəldikdə isə, küçə fotoqrafiyası nəzərdə tutur ki, fotoqraf çəkiliş obyektinə bacardıqca yaxın gəlməlidir. Həmişə çalışın ki, adamlara daha yaxın gələsiz və daha detallı fotolar çəkəsiz. Küçə fotoqrafiyası üçün genişbucaqlı obyektivlər aktualdır.  Həm belə obyektivlər teleobyektivlər kimi zəhmli görünmür, həm də ki onlar kadrın elə perspektivini yaradır ki, orada fotoya baxan adam özünü yad müşahidəçi kimi yox, səhnənin bir hissəsi kimi hiss edir. Küçə fotoqrafiyası çox vaxt ağ-qara, monoxrom çəkilir, bu cürə təsvirlərin hesabına fotolarda insanların müəyyən həlledici, maraqlı anlardakı emosiyaları daha yaxşı ötürülür.

Küçədəki çəkiliş zamanı həmişə fona və işıqlanmanın xüsusiyyətlərinə fikir vermək lazımdır. Fonu elə seçmək lazımdır ki, o sizin fotoqrafiyanıza əlavə ifadəlilik və cazibədarlıq versin. Eyni zamanda, o, diqqəti çəkilişin əsas obyektindən yayındırmamalıdır. İşıq isə fotoqrafiyanın istənilən janrı üçün vacibdir və küçə fotoqrafiyası da burada istisna deyil.

Küçə fotoqrafı öz vaxtını kameranın cürbəcür kökləmələrinə sərf etməli deyil. Bütün bunlar praktiki olaraq şüuraltı səviyyədə baş verməlidir. Küçə fotoqrafiyasında ilk addımlarını edən naşılarda çox vaxt müxtəlif şübhələr və çətinliklər olur. Onlar bilmirlər ki, nədən başlasınlar, küçədə harada çəkiliş etsinlər, hansı süjeti seçsinlər. Ancaq tez bir zamanda bu şübhələri və qətiyyətizliyi atmaq lazımdır. Küçə fotoqrafiyasının da məğzi elə bundadır – siz növbəti an nə baş verəcəyini və hansı süjetin sizə maraqlı olacağını planlaşdıra bilmirsiniz. Sadəcə özünüz ilə kameranı götürüb küçəyə çıxmaq lazımdır, burada sizi cürbəcür maraqlı anlar gözləyir.