“Müharibədə iştirak edən hər kəs kimliyindən asılı olmayaraq günahsızdır”
“Fotoqraflarımızı tanıyaq” – adlı yeni layihəyə başladıq. Bu layihəmizdə azərbaycanlı fotoqraflarla müsahibələr edəcəyik.
Məqsədimiz fotoqrafları bir-biri ilə tanış etmək, onların təcrübələrini digərləri ilə bölüşməkdir. Bu dəfə müsahibimiz isə azərbaycanlı fotoqraf Firi (Firudin Səlimov) Səlimdir.
“Report” İnformasiya Agentliyində fotoqraf olaraq çalışan Firi Səlimin çəkdiyi fotolar çoxlarının marağına səbəb olur. Özünü isə az adam tanıyır. Elə bu səbəbdən növbəti müsahibəmizi onunla etmək qərarına gəldik.
Fotoqraflar.com Firi Səlimlə müsahibəni sizlərə təqdim edir:
– Fotoya gəlişin haqqında bir az danışa bilərsənmi?
– Nə məktəb illərində, nə də ondan sonra fotoya həvəsim olmayıb. İncəsənətə marağım var idi, amma fotoqrafiya bu sevginin içərisində deyildi. Turizmlə maraqlanırdım, o sahədə də işləmişəm, amma özümü tapa bilmədim və oradan uzaqlaşdım. Sonra 2013-cü ildə Bakı jurnalistika məktəbində oxumağa başladım, orada 3 aylıq media kursu yaradılmışdı. Fotoqrafiyanı sıfırdan orada öyrənmişəm, müəllimim isə Əhməd Muxtar olub.
Kursu bitirəndən sonra bir ilə yaxın Əhməd Muxtarın yanında həm azad fotoqraf kimi işlədim, həm də təcrübə yığdım. Bura ilə yollarımı ayırandan sonra dövlət qurumlarından birində müəyyən müddət çalışdım. Daha sonra isə “Report” İnformasiya Agentliyində fəaliyyətə başladım.
– Reportda çalışırsan. Rəsmi tədbirlər və s. Yorucu deyilmi? Hər zaman fərqli bir şeylər axtarırsan. İşinlə sevgin ziddiyyət yaratmır ki?
– Report-a gələndən sonra fotojurnalistika fəaliyyətim başladı deyə bilərik, burada daha operativ iş, fərqli istiqamətdə olan tədbirlər, komanda işi, ölkədə olan hadisələrə dərhal reaksiya və s. Bu iş həm məni bu sənətə daha çox bağladı, həm də inkişafa doğru yol almağıma kömək etdi. Demək olar ki, mediada tanınmağım “Report”-la bağlıdır. Agentlikdə işləmək ağır deyil, sadəcə tədbirlər şablondur deyə iş yorucu olur. İşin belə operativ və çox olmağı səbəbi ilə ayrıca yaradıcılıqla məşğul olmağa vaxt ayıra bilməsək də, işimizi yaradıcı görürük.
– Fotoqrafiyada sırf sevdiyin bir janr varmı?
– Seçdiyim və sevdiyim xüsusi bir janr yoxdur. Müəyyən qədər idman sahəsinə üstünlük verirəm.
– Toy kimi çəkilişlər etdiyini görmürük. Bunun səbəbi nədir?
– Səbəb odur ki, marağım yoxdur, bəlkə də məşğul olmaq istəsəm bacararam. Amma bu istiqamətdə çəkilişlər etmək istəmirəm. Bir-iki dəfə dost-tanış üçün, hədiyyə kimi çəkmişəm, yəni pul əvəzində etməmişəm (gülür-red).
– Azərbaycanda və dünyada izlədiyin, işlərini bəyəndiyin fotoqraflar varmı?
– Azərbaycanda yaşlı, foto sahəsində öz sözünü demiş və bəyəndiyim fotoqraflar var, amma mən gənc fotoqraflardan bir neçəsinin adını: Rəsul Quliyev, Ehtiram Cəbi, Tural Rəhmanlı, Zaur Mirzoyev, İlkin Quliyev və Nurlan Babazadəni qeyd edə bilərəm. Xaricilərdən bəyənmək məsələsi çoxluq təşkil edir, yəni siyahı uzundur.
– Dünya üzrə bir tendensiya var. Məşhur afrikalı uşaq… Kevin Karter bu səbəbdən intihar belə etdi. Oxşar hadisə ilə qarşılaşsan, sən nə edərdin?
– Mənim üçün ilk növbədə işimdir, indi deyirəm və düşünürəm ki, çəkərdim. Amma həmin an nə edərdim bilmirəm, bəlkə də fərqli davranardım. Təbii ki, o anın davranışını indi düşünmək mümkün deyil.
– Müharibə fotoqrafı olmaq çox fotoqrafın arzusudur. Sən necə?
– Çoxları müharibədəki vəziyyəti qavramadıqları üçün müharibə fotoqrafı olmağı arzu edirlər. Şərt ora getmək deyil, oradan nə ilə qayıtmaqdır. Təbii ki, mən də müharibənin canlı şahidi olmaq və çəkmək istəyərəm. Amma çox çətindir, indiki ağlımla düşünürəm ki, risk edə bilmərəm. Bəlkə də zamanla fikrim dəyişəcək, özümü psixoloji buna hazırlaya biləcək, bilmirəm.
– Fotoqrafın dini, inancı, milliyyətimi olmalıdırmı? Tutaq ki, sən döyüş, müharibə gedən bir bölgədəsən. Döyüş zamanı əsgərlər günahsız birini öldürürlər. Sən o anı çəkərdinmi? Çəksəydin belə yayardınmı? Ümumiyyətlə necə davranırdın?
– Mən sənətimi din, inanc, milliyyət kimi anlayışlarla qarışdırmamağa çalışıram. Fotoqrafın işi çəkməkdir, hamının gördüklərini və görə bilmədiklərini çəkmək və göstərmək… Müharibədə iştirak edən hər kəs kimliyindən asılı olmayaraq günahsızdır. Əgər elə bir şəraitdə olsaydım gördüklərimin hamısını çəkərdim və yayardım.
– Bəzən deyirlər ki, Azərbaycan fotoqraf üçün kasıb yerdir. Bununla bağlı nə deyə bilərsən?
– Ümumi götürdükdə əvvəllər də fotoqrafiyaya böyük məbləğ axmayıb. Fotoqrafiya sənəti Azərbaycanda qeyri-ciddi sənət kimi təqdim olunub. Fotoqraf deyəndə ölkə vətəndaşlarının ağlına Dənizkənarı Bulvarda sinəsində fotoaparat 1-2 manata şəkil çəkən “dayı” gəlir, ya da toylarda şəkil çəkib paylayan “qaqaş”lar…
– Hansı fotonu heç vaxt unuda bilmərsən?
– Elə fotom yoxdur. Bəlkə nə vaxtsa çəkərəm.
Müsahibə saytımızın ilk versiyası zamanı dərc edilib