Fotoqraf Orxan Əzim: “Çernobıla getmək mənim ən böyük istəklərimdən biri idi”
Azərbaycanlı fotoqraf Orxan Əzim bu yaxınlarda riskli bir addım ataraq, Çernobıla səfər edib. Fotoqrafın oraya səfər etməsinin səbəbi hadisənin 30 illiyinin tamam olması və bununla bağlı sərgi keçirmək istəməsi olub.
Nüvə qəzası baş verdikdən sonra radiasiyalı əraziyə çevrilən Çernobıldan fotolayihə hazırlayan ilk azərbaycanlı fotojurnalist Orxan Əzimin aprelin 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “ЧЕРНО БЫЛЬ – 30 лет” adlı sərgisi baş tutub. Tədbirdə Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər. Tədbirdə ilk olaraq Çernobıl faciəsi qurbanları bir dəqiqəlik sükutla yad olunub. Sərgiyə maraq o qədər çox idi ki, salonda addım atmağa yer yox idi.
Açılış mərasimində çıxış edən xalq rəssamı Ağaəli İbrahimov bildirib ki, sərgi ictimaiyyətin böyük marağına səbəb olacaq: “Dünyada son zamanlar baş verən qlobal çətinliklər bu sərginin əhəmiyyətini olduqca artırır. Fotoqraf Orxan Əzim nümayiş etdirdiyi fotolar sənət əsəridir. Heç bir musiqi, sənət əsəri, çəkilən film fotolar kimi insanları oyada bilməz. Bu, həqiqətən də çox böyük işdir”.
Sərgi haqqında təəssüratlarını musavat.com-un əməkdaşı ilə bölüşən fotoqraf bunları dedi: “Çernobıla getmək mənim ən böyük istəklərimdən biri idi. İki ilə yaxın idi ki, yaxından maraqlanırdım. Gördüm ki, hadisənin 30 illiyi yaxınlaşır və bizim ölkədə Çernobıl hadisəsi ilə bağlı fotosərgi olmayıb. Mən də qərar verdim ki, həm 30 illiklə bağlı, həm də öz arzumu gerçəkləşdirmək üçün oraya yola düşüm. Düzdür, bir az çətinliklər oldu. Amma əsas odur ki, ortaya iş qoya bildim. Tamaşaçı həmişə çətinliklərdən xəbərsiz olur. Ona əsasən iş maraqlıdır. Onların fotolara marağı, diqqəti insana bütün yorğunluğu və çətinliyi unutdurur”.
– Sizcə, oraya getmək riskli deyildi?
– Hə, ora getmək riskli idi. Bundan sonra da neçə yüz il də riskli olacaq. Lakin oraya getmək istəyən bunu düşünmür. Riski gözə alır və gedir. Məsələn, mənə bələdçilik edən şəxs bəzi ərazilərin arzuolunan olmadığını deyirdi. Buna səbəb həmin yerlərin radiasiya çoxluğu ilə əlaqəli riskli olması idi. Bələdçi elə məkanlara özü daxil olmurdu. “Pripyat” şəhəri həddindən artıq vahiməlidir. Mən orada 3 hava şəraiti ilə rastlaşdım. Qar, yağış və günəşli hava… Bu 3 hava şəraitinin olması çəkiliş üçün daha uyğun idi. Bütün hallarda ehtiyatlı olmaq lazımdır.
Hamı bir dəfə də olsa, oraya gedib, olanları görməlidir. Qorxmaq lazım deyil. Heç kim 100 faiz deyə bilməz ki, oraya gedən adamda radiasiyaya görə nəsə fəsadlar ola bilər. Və ya əksinə, heç kim tam əminliklə deyə bilməz ki, Çernobıl təhlükəsizdir. 1 ildən sonra, 3 ildən sonra bunun nəsə fəsadları ola bilər, amma olmaya da bilər. Yəni ki, riskli yerdir. Amma oraya getmək istəyən adam üçün bunlar önəmli deyil.
– Ailəniz sizin Çernobıla getməyinizi necə qarşıladı? Narazı olmadılar?
– Yox. Əksinə dəstəklədilər. Hətta atama deyəndə ki, radiasiya çoxdur, dedi rahat get, narahat olma…
– Sərgidə dediniz ki, “Çernobıl, getmək istədiyim 5 yerdən biri idi”. Bəs, geridə qalan 4 yer haradır?
– Geridə qalan 4 yeri hələlik gizli saxlayıram. Çalışacağam ki, yeni işimlə hamını təəccübləndirim. Ola bilər ki, gələn il getmək istədiyim başqa bir yer də olsun və onu bitirib, sərgi təşkil etdim. Amma bu, hansısa tarixlə, yubileylə bağlı olmayacaq. Pillə-pillə istədiklərimi edəcəyəm. Sadəcə, maliyyə məsələsi var. O olandan sonra bütün çəkmək istədiyim layihələri bitirə bilərəm. Ümumilikdə isə sərgimə gələn, iştirak edən, dəstək verən hər bir şəxsə öz təşəkkürümü bildirirəm. Sağ olsunlar…
Qeyd edək ki, 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhərinin yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. Alov genişlənərək, daha 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükəli olan radioaktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük bir hissəsi Şərqi Avropaya doğru hərəkət etsə belə, “ölüm bulud”unun yerdə qalan hissəsini külək cənuba doğru sürükləyib.
Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrini aradan qaldırılmaq üçün əraziyə gələn fəhlələr olub. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.
Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranıb. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.
Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Artıq onlardan 2000 nəfəri Çernobılda aldıqları şüalanma ucbatından vəfat edib.
Şərh yaz